REGİONLAR
Abşeron rayonunda kütləvi tibbi müayinə çərçivəsində 12 nəfər əməliyyat olunub
Xırdalan, 25 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycanda ardıcıl olaraq altıncı ildir ki, əhalinin kütləvi tibbi müayinəsi aparılır. Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən xeyirxah aksiya Abşeronda da uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, tibbi müayinələrin yüksək səviyyədə aparılması üçün Abşeron Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb, əmək kollektivlərinin mütəşəkkil şəkildə müayinəyə cəlb olunması üçün qrafik tərtib edilib. Həmçinin müxtəlif ixtisaslı peşəkar həkimlərdən ibarət briqadalar təşkil olunub.
Sakinlər mərkəzi poliklinikada, uşaq poliklinikasında, Saray qəsəbə xəstəxanasında və Mehdiabad həkim ambulatoriyasında tibbi müayinədən keçirilirlər.
Aksiyadan 500 min sakin və rayonda məskunlaşan məcburi köçkünlər yararlanırlar. Bu günədək Abşeron rayonunda 94 min 784 nəfər tibbi müayinədən keçib. 3856 nəfərə ambulator, 25 nəfərə stasionar müalicə təyin olunub, 589 nəfər ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib, 12 nəfər isə cərrahi əməliyyat olunub. Həmçinin aparılan müayinələr zamanı sakinlər arasında yoluxucu xəstəliklər aşkarlanmayıb.
Prezidentin bu humanist təşəbbüsü rayon sakinləri tərəfindən razılıqla qarşılanır, insanlar kütləvi tibbi müayinəyə böyük həvəslə gəlirlər. Müayinədən keçən rayon sakinləri xeyirxah aksiyanı yüksək qiymətləndirir və bu qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Əhalinin tibbi müayinədən keçirilməsi aksiyası mayın 12-dək davam edəcək.