CƏMİYYƏT
XIV Belarus Beynəlxalq Mediaforumunun iştirakçıları Böyük Vətən Müharibəsi Tarixi Muzeyini ziyarət ediblər
Minsk, 22 may, Əziz Məmmədov, AZƏRTAC
Mayın 23-24-də Brestdə “Gələcək naminə tərəfdaşlıq: jurnalistika və cəmiyyətin sosial müdafiəsi” mövzusunda XIV Belarus Beynəlxalq Mediaforumu keçiriləcək. Brest Vilayət İcraiyyə Komitəsinin, MDB İştirakçıları olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Belarus Respublikasının Xarici İşlər Nazirliyinin, MDB İcraiyyə Komitəsinin və “Belarus Jurnalistlər İttifaqı” ictimai təşkilatının dəstəyi ilə keçirilən Beynəlxalq Mediaforumun təşkilatçıları Belarus Respublikası İnformasiya Nazirliyi və İttifaq Dövlətinin Daimi Komitəsidir.
AZƏRTAC-ın Minskə ezam edilmiş müxbiri xəbər verir ki, Beynəlxalq Mediaforumun iştirakçıları tədbir ərəfəsində Belarus Dövlət Böyük Vətən Müharibəsi (BVM) Tarixi Muzeyini ziyarət ediblər. Bu, XX əsrin ən qanlı müharibəsinə həsr edilmiş dünyada ilk və Belarusda faşist işğalı illərində yaradılmış yeganə muzeydir.
2019-cu il Belarusun alman faşist işğalçılarından azad edilməsinin 75 illiyi və Brestin 1000 illiyi kimi tarixi hadisələrlə əlamətdardır.
Böyük Vətən Müharibəsi dövründə Belarus öz sakinlərinin orta hesabla 3 nəfərindən birini itirib. Təqribən 3 milyon nəfər, o cümlədən 50 minə yaxın partizan və gizli fəaliyyət göstərən döyüşçülər həlak olub. Ölkə ərazisində 250 ölüm düşərgəsi yaradılmışdı. Onların arasında “Osvensim”, “Maydanyok” və “Treblinka”dan sonra ən iri ölüm düşərgəsi olan “Trostenets” də vardı.
Beynəlxalq Mediaforumun proqramı çərçivəsində qonaqlar muzeyin yenilənmiş ekspozisiyası, virtual albomları və kolleksiyaları ilə tanış olublar. Mediaforum iştirakçılarına BVM qəhrəmanları barədə də məlumat verilib, qeyd edilib ki, Belarus xalqı bu insanların igidliyini heç vaxt unutmayacaq.
XIV Belarus Beynəlxalq Mediaforumunun zəngin proqramına baxmayaraq xaricdən gəlmiş qonaqlar ölkə üçün çox əhəmiyyətli sayılan bu məkanı ziyarət etməyə vaxt tapıblar. Bu, mədəni, sosial, təhsil və digər sahələrdə qarşılıqlı anlaşmanı və əməkdaşlığı daha da möhkəmlədəcək.
Qeyd edilib ki, dünyada ilk Böyük Vətən Müharibəsi Muzeyinin kolleksiyasının yaradılması hələ 1942-ci ilin iyun ayında başlanıb. O vaxt bu qanlı müharibənin nə qədər davam edəcəyini heç kəs hətta güman edə bilməzdi. Gələcək muzeyin eksponatlarını birbaşa cəbhədən məxsusi olaraq Vətən müharibəsinə aid sənədlərin və materiallarının toplanması üzrə yaradılmış və Moskvada təxliyə olunmuş Respublika Komissiyasına göndərirdilər.
Böyük Vətən Müharibəsi tarixinə dair onilliklər boyu aparılmış tədqiqatlar nəticəsində muzeyin kolleksiyasının həcmi dəfələrlə artıb. 700-800 qiymətli raritet bu kolleksiyada xüsusi yer tutur. XXI əsrdə isə Belarus Prezidenti Aleksandr Lukaşenkonun təşəbbüsü ilə Muzey üçün yeni kompleks yaradılması qərara alınıb. Muzeyin ekspozisiya zalları böyüdülüb, o faciəli müharibə barədə daha ətraflı danışmağa və müvafiq eksponatları etdirməyə imkan verən müasir texniki vasitələrdən istifadə olunur. 2014-cü il iyulun 2-də - Müstəqillik Günü ərəfəsində yenilənmiş muzeyin təntənəli açılış mərasimi Belarusun alman faşist işğalçılarından azad edilməsinin 70 illiyinə töhfə oldu.
Qeyd edək ki, Belarus Beynəlxalq Mediaforumunun keçirildiyi illər ərzində onun sərhədləri həm aktual tematik istiqamətlər üzrə, həm də iştirakçıların tərkibi baxımından genişlənib, bu tədbir MDB ölkələrinin, yaxın və uzaq xarici dövlətlərin ekspert və media cəmiyyətlərinin nümayəndələri arasında fikir mübadiləsi aparılan, yeni ideya və konsepsiyalar formalaşan nüfuzlu dialoq və diskussiya məkanına çevrilib. Forumda dünyanın 30-a yaxın ölkəsindən (Azərbaycan, Belarus, Böyük Britaniya, İtaliya, Çin, ABŞ, Türkiyə, Fransa və s.) dövlət xadimləri və ictimai xadimlər, diplomatlar, jurnalistlər iştirak edir. Tədbirdə Azərbaycanı “Trend” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Əziz Məmmədov təmsil edir.