İDMAN
Çin Qran-Prisinin posterində Azərbaycan cüdoçusu Hidayət Heydərovun da şəkli yer alıb
Bakı, 22 may, AZƏRTAC
Beynəlxalq Cüdo Federasiyasının Çinin Hohhot şəhərində keçiriləcək Qran-Pri turniri ilə bağlı hazırladığı posterdə tanınmış cüdo ustaları ilə birgə Azərbaycan idmançısı Hidayət Heydərovun (73 kq) da şəkli yer alıb.
AZƏRTAC xəbər verir ki, mayın 23-də start götürəcək Qran-Pri yarışlarında komandamızın heyətində 7 idmançı, o cümlədən Hidayət Heydərov da mübarizə aparacaq.
Qeyd edək ki, Hidayət Heydərov mayın 10-12-də Bakıda keçirilmiş “Böyük dəbilqə” turnirinin qalibi olub. Bu onun “Böyük dəbilqə” turnirində əldə etdiyi ilk medal, indiyədək qazandığı ən böyük uğurudur. Cüdoçumuzun sonuncu turnirində qazandığı 1000 xal onu dünya reytinqində bir pillə qaldıra bilib. İndi o, 9-cu sıradadır.
Turnirdə 44 ölkədən 345 cüdoçu iştirak edəcək.