İDMAN
Azərbaycan idmançıları kosiki karate-do üzrə açıq Asiya kuboku yarışlarında uğurla çıxış ediblər
Bakı, 23 may, AZƏRTAC
Rusiyanın Barnaul şəhərində keçirilən kosiki karate-do üzrə açıq Asiya kuboku yarışlarında Azərbaycan yığma komandası uğurla çıxış edib.
Azərbaycan Kosiki Karate-do Federasiyasından (AKKF) AZƏRTAC-a bildiriblər ki, yarışda 10 ölkədən 13 komanda birincilik uğrunda mübarizə aparıb.
Bunkay-kumite yarışlarında Nazim Mövsümzadə, Asiman Namazov və Çingiz Cabbarovdan ibarət komandamız bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Şəxsi hesabda isə təmsilçilərimiz 18 yaşdan yuxarı idmançılar kateqoriyasında mübarizə aparıblar. Nazim Mövsümzadə kata yarışlarında uğurla çıxış edərək qızıl medal qazanıb. Asiman Namazov turniri ikinci, Çingiz Cabbarov isə dördüncü pillədə başa vurublar.
Kumite yarışlarında 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Çingiz Cabbarov gümüş medala sahib olub. Asiman Namazov (82 kq-dan yuxarı) açıq Asiya kuboku yarışlarında dördüncü yeri tutub.
Turnirdə AKKF-in yığma komandasının məşqçisi də qızıl medal və kubokla təltif edilib.