SİYASƏT
28 May - Respublika Günü ilə əlaqədar Daşkənddə rəsmi qəbul təşkil edilib
Daşkənd, 24 may, АZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Qəbulda Özbəkistanın Baş Naziri Abdulla Aripov, Azərbaycan Milli Məclisinin deputatları Elman Nəsirov və Aydın Hüseynov, dost ölkənin hökumət qurumlarının təmsilçiləri, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.
Azərbaycanın və Özbəkistanın dövlət himnləri səsləndirildikdən sonra səfir Hüseyn Quliyev çıxış edərək yaranmasının 101 illiyi qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, onun qısa müddətdə gördüyü işlərdən danışıb. O bildirib ki, çətin ictimai-siyasi şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Avropa və Amerikanın 20-dən çox dövləti ilə diplomatik münasibətlər qurub, qısa zamanda xalqımızın tarixində silinməz iz buraxıb. Qısa müddət ərzində Azərbaycanın bayrağı, himni, Konstitusiyası qəbul edilib, Azərbaycan dili dövlət dili elan olunub.
Səfir deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə keçirilən bu tədbir həm də Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd olunduğu tarixə təsadüf edir.
Hüseyn Quliyev 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan dövlətinin 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu qeyd edib. O, müstəqil Azərbaycanın qazandığı uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən layihələrdən danışıb.
Diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü barədə də məlumat verib. O bildirib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib, lakin işğalçı Ermənistan bu nüfuzlu beynəlxalq təşkilatın sənədlərinə məhəl qoymur və bununla da beynəlxalq ictimaiyyətə meydan oxuyur.
Səfir Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Özbəkistanın tutduğu ədalətli mövqeyə, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı göstərdiyi dəstəyə görə bu ölkənin rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirin keçirildiyi bir neçə saat ərzində görkəmli Azərbaycan musiqiçiləri Müslüm Maqomayevin və Rəşid Behbudovun məşhur ifaları təqdim edilib.
Sonra qonaqlara ziyafət verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd