DÜNYA
İndoneziya polisi Cakartada kütləvi etirazların davam edəcəyi barədə xəbərdarlıq yayıb
Tokio, 24 may, AZƏRTAC
Mayın 24-də İndoneziya polisi Cakartada kütləvi etirazların davam edəcəyi barədə xəbərdarlıq yayıb.
AZƏRTAC Detik xəbərlər portalına istinadla xəbər verir ki, bu gün müxalifətin namizədi Prabovo Subianto seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcək.
P.Subiantonun seçki qərargahından verilən məlumata görə, iddianın tam mətni artıq hazırdır və günün ikinci yarısında məhkəmədə qeydə alınacaq. Yerli qanunvericiliyə əsasən, mayın 24-ü aprelin 17-də keçirilən seçkilərdən narazı qalan tərəfin müraciəti üçün son gündür.
Müxalifətin namizədinin nümayəndələrinin bildirdiyinə görə, P.Subianto onun müdafiəsi üçün təşkil olunan mitinqlərə qatılmayacaq. Bundan əlavə, onlar Cakartada baş verən kütləvi iğtişaşları müxalif qüvvələri nüfuzdan salmaq üçün düşünülmüş təxribat adlandırıblar.
Polisin rəsmi nümayəndəsinin bildirdiyinə görə, mayın 21-də keçirilən dinc nümayişdən sonra bir neçə yüz iştirakçı müxtəlif rayonlarda toplaşaraq polisə hücum cəhdi göstərib. Bu məqsədlə yaxınlıqda yerləşən təcili yardım maşınlarına soyuq silah, daş yerləşdirilib.
Milli polisin rəisi Tito Karnaviani xüsusi mətbuat konfransında iğtişaşlar zamanı müsadirə edilən odlu silahları, səsboğucu və optik nişangaha malik M-4 tüfəngini nümayiş etdirib.
Hakimiyyət orqanları kütləvi iğtişaşlar nəticəsində səkkiz nəfərin öldüyünü təsdiq edib. Bir neçə polisin odlu silahdan açılan atəşdən, digərlərinin küt alətlərlə endirilən zərbələrdən öldüyü qeyd edilir.
Bir neçə ölkənin, o cümlədən Avstraliya, Böyük Britaniya, Kanada, Malayziya, Sinqapur, ABŞ və digərlərinin Cakartadakı vətəndaşlarına xəbərdarlıq etdikləri də bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio