İDMAN
Türkiyə Superliqası: “Başakşəhər”-“Alanyaspor” oyununda qalib müəyyənləşməyib
Bakı, 24 may, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasının sonuncu turunun ilk görüşündə İstanbulun “Başakşəhər” komandası doğma meydanda “Alanyaspor”u qəbul edib.
AZƏRTAC xəbər verir ki, “Fateh Terim” stadionunda keçirilən görüş qarşılıqlı hücumlarla başlayıb. Görüşün 6-cı dəqiqəsində İstanbul təmsilçisinin hücumçusu Edin Viskanın zərbəsindən sonra top “Alanyaspor”un qapıçısı Ufuk Ceylana dəyərək tordan keçib. Lakin bundan 10 dəqiqə sonra qonaqların futbolçusu Junior Fernandes hesabı bərabərləşdirib. Tərəflərin səylərinə baxmayaraq qarşılaşmanın sonunadək hesab dəyişməyib və matç heç-heçə başa çatıb – 1:1.
Bu oyundan sonra “Başakşəhər” turnir cədvəlində 67 xalla ikinci pillədə qərarlaşıb. “Alanyaspor” isə 44 xalla yeddinci yerdədir.
Türkiyə Superliqasında XXXIV turun digər oyunları bu gün, eləcə də mayın 25-də və 26-da keçiriləcək.
Bu gün “Beşiktaş”-“Kasımpaşa”, “Rizəspor”-“Trabzonspor” və “Sivarspor”- “Qalatasaray” qarşılaşmaları oynanılacaq.