REGİONLAR
Bakı Mühəndislik Universitetində “Mənim Azərbaycanım” bilik və yaradıcılıq sərgisi
Xırdalan, 25 may, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) 28 May - Respublika Günü ilə əlaqədar “Mənim Azərbaycanım” adlı bilik və yaradıcılıq sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru, professor Havar Məmmədov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, təhsilə olan dövlət qayğısı nəticəsində tələbə və şagirdlər bilik və bacarıqlarını reallaşdıra bilirlər.
Daha sonra rektor universitet-məktəb əlaqələrinin vacibliyindən və əhəmiyyətindən danışıb, keçirilən sərginin buna nümunə olduğunu diqqətə çatdırıb.
Bakı, Abşeron və Sumqayıt məktəbliləri üçün nəzərdə tutulan tədbirdə şagirdlər universitetin tədris imkanları, maddi-texniki bazası və təhsil alan tələbələrin elmi, yaradıcılıq və sosial fəaliyyətlərini əks etdirən işlərlə tanış olublar.
Qeyd edək ki, orta məktəblərlə yanaşı, akademik Zərifə Əliyeva adına liseyin, “Zirvə” liseyinin, Bakı Avropa Liseyinin, Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyasının, Sumqayıt şəhəri texniki və təbiət elmləri və “Təfəkkür” liseylərinin şagirdləri də iştirak ediblər. Tədbir iştirakçılarının əksəriyyətinin abituriyent olduğu nəzərə alınaraq universitetdə, həmçinin “Açıq qapı” günü keçirilib, burada tədris edilən ixtisaslar və təhsil prosesi barədə ətraflı məlumat verilib.
Sərgiyə gələnlərə BMU-nun memarlıq və inşaat, kompüter, kimya mühəndisliyi, kimya, biologiya, fizika, riyaziyyat və informatika müəllimliyi ixtisasları, Texnopark və İKT mərkəzi tərəfindən maraqlı elmi nümunələr və nailiyyətlər təqdim olunub. Bununla yanaşı, Arzu Məmmədovanın rəhbərliyi ilə dizayn ixtisasında təhsil alan tələbələrin əl işləri, ebru rəsm sənəti nümunələri sərgilənib.
Bədii yaradıcılıq şöbəsinin müdiri Zəminə Axundovanın təşkilatçılığı ilə tələbələrin ifasında milli rəqs və mahnılar tədbirə rəng qatıb. Şöbənin əməkdaşı Vüqar Məmmədov vətənpərvərlik mahnıları ifa edib.