REGİONLAR
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli azadlıq arzularının məntiqi nəticəsi idi
Qax, 27 may, Mustafa Dadaşov, AZƏRTAC
Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli azadlığa, müstəqilliyə və demokratiyaya olan istək və arzularının məntiqi nəticəsi idi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə mayın 27-də Qax şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən dəyirmi masada səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Dəyirmi masada Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və qazandığı uğurlardan geniş bəhs edilib. Məruzə və çıxışlarda Xalq Cümhuriyyətinin yarandığı tarixi dövrə geniş nəzər salınıb, müstəqil Azərbaycan Respublikasının məhz Cümhuriyyətin varisi olduğu vurğulanıb. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın çoxəsrlik tarixinin parlaq səhifələrindən biridir. Cəmi 23 ay yaşamış Cümhuriyyət xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirib, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb. Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra, 1991-ci ildə xalqımız yenidən öz istiqlaliyyətinə qovuşub. Ümummilli lider Heydər Əliyevin böyük zəhməti və siyasi uzaqgörənliyi sayəsində Azərbaycan öz müstəqilliyini qoruyub saxlayıb.
Bildirilib ki, Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası 1918-1920-ci illərdə toplanmış böyük tarixi təcrübəyə söykənərək, demokratik dövlət quruculuğunu dönmədən həyata keçirir, inkişaf etdirir. Bu gün Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan yeni inkişaf dövrünü yaşayır, dünya dövlətləri içərisində öz layiqli yerini tutur.