SİYASƏT
David Zalkaliani: Komissiya işini tamamlayana qədər heç kim “Keşikçidağ” məbədi ilə bağlı şərh verməməlidir
Tbilisi, 27 may, AZƏRTAC
“Keşikçidağ” (David Qareci) məbəd-kompleksi ilə bağlı biz konkret olaraq bildirmişik ki, sərhədlərin delimitasiyası üzrə komissiya işini başa çatdırana qədər heç kim başqa bəyanatlar səsləndirməsin, məsələni səhv şərh etməsin.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani söyləyib.
Nazir deyib: “Komissiyanın işinin bərpası çox vacib məsələdir. Uzun müddət idi bu komissiya işləmirdi. Amma artıq komissiya işini bərpa edib və ilk görüş keçirilib. İndi biz görüşün ikinci raunduna hazırlaşırıq. Komissiyanın əhəmiyyəti və məqsədi ondan ibarətdir ki, həmin ərazidə baş verən proseslərə dərhal, obyektiv reaksiya versin. Məhz komissiyanın qərarı ilə məbəd kompleksi ətrafında aparılan işlər dayandırılıb.
Biz çox qəti və konkret məsələ qoymuşuq. Komissiya işini başa çatdırana qədər heç kim məsələni şərh etməsin və proseslərə təsir göstərməyə cəhd göstərməsin.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi