DÜNYA
Tbilisidə “Vahid Gürcüstan naminə güclü diaspora” adlı beynəlxalq forum keçirilir
Tbilisi, 27 may, AZƏRTAC
Gürcüstanda diaspor gününə həsr olunmuş “Vahid Gürcüstan naminə güclü diaspora” adlı beynəlxalq forum keçirilir.
AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən diaspor nümayəndələrinin iştirak etdiyi forumda Azərbaycandan gəlmiş qonaqlar da var.
Forumda Gürcüstan patriarxı II İlya, Prezident Salome Zurabişvili, parlamentin sədri İrakli Kobaxidze, xarici işlər naziri David Zalkaliani və başqaları çıxış ediblər.
Çıxış edənlər gürcü diasporu qarşısında duran vəzifələrdən danışıblar. Bildirilib ki, bu gün xaricdə gürcü diaspor nümayəndələrinin sayı 100 mini keçib. Çıxışçılar ölkənin xaricdə təbliği, beynəlxalq əlaqələrinin, eləcə də mədəni, iqtisadi, siyasi sahələrdə münasibətlərin inkişafında, ölkə iqtisadiyyatına xarici sərmayələrin cəlb olunmasında diaspor təşkilatlarının rolunu xüsusi qeyd ediblər.
Dövlətin diaspor təşkilatlarına xüsusi diqqət yetirdiyi, ölkə Konstitusiyasında diasporla bağlı müddəanın əksini tapdığı diqqətə çatdırılıb. Bildirilib ki, diaspor təşkilatları ilə bağlı xüsusi qrant proqramı hazırlanıb.
Forumda Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Tbilisidəki diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Forum mayın 28-də başa çatacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi