İQTİSADİYYAT
“Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub YENİLƏNİB
Bakı, 27 may, AZƏRTAC
Ölkədə fəaliyyət göstərən taxıl istehsalçıları və emalçılarının təşəbbüsü, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi təsis edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı mayın 27-də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzində dövlət qurumlarının nümayəndələrinin, taxıl istehsalı və emalı ilə məşğul olan sahibkarların iştirakı ilə tədbir keçirilib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov vurğulayıb ki, qeyri-neft sektorunun aparıcı sahələrindən olan kənd təsərrüfatına Azərbaycan Respublikasının Prezidenti tərəfindən daim böyük diqqət və qayğı göstərilir, aqrar sektorda davamlı islahatlar aparılır, bu sahəyə dövlət dəstəyi mexanizmləri tətbiq edilir.
Qeyd olunub ki, taxıl istehsalı və emalı ilə məşğul olan sahibkarların fəaliyyətinin əlaqələndirilməsi, onlar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılan assosiasiyanın fəaliyyəti taxıl istehsalının və taxılçılıq məhsulları ilə özünütəminetmə səviyyəsinin artırılması baxımından əhəmiyyətli olacaq. İqtisadiyyat Nazirliyi tərəfindən assosiasiyanın fəaliyyətinin səmərəli təşkilinə lazımi dəstək göstəriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Araz İsmayılov assosiasiyanın yaradılmasının taxılçılığın inkişafında, istehsal edilən məhsulun keyfiyyətinin yüksəldilməsində, yeni texnologiyaların tətbiqinin genişləndirilməsində böyük rolu olacağını qeyd edərək Kənd Təsərrüfatı Nazirliyinin yeni yaradılan assosiasiya ilə yaxından əməkdaşlıq edəcəyini vurğulayıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov aqrar sektorda sahibkarlığın inkişafı istiqamətində konfederasiya tərəfindən görülən işlər barədə məlumat verib, yeni yaradılan assosiasiya ilə yaxından əməkdaşlıq həyata keçirəcəyini bildirib.
Tədbirdə taxılçılıq sahəsində fəaliyyət göstərən iş adamları çıxış edərək “Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin işində fəal iştirak edəcəklərini bildirib, təkliflərini səsləndiriblər.
Sonra tədbir iştirakçılarının təklifi əsasında assosiasiyanın təsis olunması məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub, idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. "Karat Holding" MMC-nin rəhbəri Taleh Qasımov “Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin idarə heyətinin sədri seçilib.
Sonda assosiasiyanın gələcək fəaliyyəti və taxılçılığın inkişafı ilə bağlı sahibkarlarla müzakirələr aparılıb.