MƏDƏNİYYƏT
“Diriliş Ərtoğrul” serialının aktyorları Çeçenistanda festivalda iştirak ediblər
Moskva, 17 iyun, AZƏRTAC
Çeçenistanda “Benoy baharı” festivalı keçirilib. Festivalda Türkiyənin “Diriliş Ərtoğrul” serialının prodüseri Mehmet Bozdağ və aktyorlardan bir qrupu fəxri qonaq qismində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov sosial şəbəkədəki hesabında aktyorların Çeçenistana gəlişinin iki xalq arasında dostluq əlaqələrinin genişlənməsinə kömək edəcəyini yazıb. Onun sözlərinə görə, xalqlar arasında dostluq ayrı-ayrı insanlar arasında mədəni və humanitar əlaqələrdən başlanır.
Çeçenistan başçısı qeyd edib ki, bütün dünyada olduğu kimi, Çeçenistanda da “Diriliş Ərtoğrul” serialı sevilir. “Türk qardaşlarımız sübut ediblər ki, film çəkməyi təkcə Hollivudda bacarmırlar”, - deyə R.Kadırov bildirib. Türkiyəli aktyorlar festival çərçivəsində bir çox tədbirlərdə, o cümlədən at yarışlarında iştirak ediblər.
Qeyd edək ki, Çeçenistan başçısının oğlu Adam Kadırov da bu serialda çəkilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva