REGİONLAR
Tibb işçilərinin peşə bayramı Masallıda da qeyd olunub
Masallı, 17 iyun, Bağır Əliyev, AZƏRTAC
Tibb işçilərinin peşə bayramı iyunun 17-də Masallı Rayon Mərkəzi Xəstəxanasında qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov rayonun səhiyyə işçilərini əlamətdar gün münasibətilə təbrik edib, ümummilli lider Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı xidmətlərindən danışaraq, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq mərkəzi rayon xəstəxanasının əsaslı təmir edildiyini deyən C.Nəzərov xəstələrin Rusiya, Türkiyə, İran və başqa ölkələrdə deyil, rayonda fəaliyyət göstərən xəstəxanalarda müalicə olunduqlarını diqqətə çatdırıb.
Masallı Rayon Mərkəzi Xəstəxanası Ağsaqqallar Şurasının sədri Zabit Talıbov, Masallı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Nigar Kərimova və başqaları çıxışlarında Prezident İlham Əliyevin tapşırığına əsasən hər il ölkə əhalisinin tibbi müayinələrə cəlb olunmasını dövlətimizin başçısının insanların sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndiriblər.
Çıxış edənlər ölkəmizdə, o cümlədən Masallı rayonunda səhiyyənin inkişafına, insanların sağlamlığına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.