REGİONLAR
Xaçmazda sertifikatlı və aşağı qiymətə toxum satılan mağaza açılıb VİDEO
Xaçmaz, 18 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda “ToxumArt” əmtəə nişanı altında toxum mağazası fəaliyyətə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, toxum mağazası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun özəl sektorla birgə əməkdaşlığı çərçivəsində açılıb.
Dövlət özəl tərəfdaşlıq prinsipi əsasında fəaliyyət göstərəcək mağazanın açılmasında məqsəd ölkə fermerlərini mövcud bazar qiymətlərindən daha aşağı qiymətlə, sertifikatlı, müxtəlif çeşidli, yüksək keyfiyyətli və məhsuldar toxumla təmin etməkdir.
Xaçmazda Dövlət Toxum Fonduna məxsus toxum emalı zavodu da fəaliyyət göstərir. Beləliklə toxumçu fermerlərin yetişdirdikləri toxumlar zavodda emal edildikdən sonra mağazada satışa çıxarılacaq.
Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib ki, Xaçmazla yanaşı, yaxın günlərdə Şəkidə də “ToxumArt” mağazası açılacaq.
“Bu mağazalar toxum emalı zavodları ilə əlaqəli fəaliyyət göstərəcək. Sertifikatlı toxumlarına alıcı tapmaqda çətinlik çəkən toxumçular onları bizə sata biləcəklər. Bunun üçün yeganə şərt toxumların yüksək keyfiyyətə malik olmasıdır”, – deyə o bildirib.
Mağazada alıcılara ölkəmizdə və xaricdə istehsal edilən toxumlarla yanaşı, müxtəlif qulluq vasitələri, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun istehsal etdiyi tərəvəz toxumları da təqdim olunur.