REGİONLAR
Bu günədək Şəkidə 39 ton yaş barama istehsal edilib
Şəki, 18 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Şəkidə yaş barama istehsalının əvvəlki illə müqayisədə 24 ton artırılaraq 72 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirilməsi ilə əlaqədar 395 kümçü ilə müqavilə bağlanıb, onlara 1800 qutu, yəni 34,2 kiloqram ipəkqurdu paylanıb. Hazırda rayonda istehsalçılardan yaş barama tədarükü davam edir. Şəkili kümçülər indiyədək qəbul məntəqəsinə 39 ton yaş barama təhvil veriblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Cumakənd kənd sakini İmam Şahmirov indiyədək qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 316 kiloqram yaş barama təhvil verib. Kümçü cari mövsümdə 6 qutu ipəkqurdunun yemlənməsi ilə məşğul olub.
Kiçik Dəhnə kəndindən İbrahimxəlil Əliyev builki mövsümdə 300 kiloqram, həmin kəndin digər sakinləri Qərənfil Mənəfzadə 256 kiloqram, Aybəniz Cabbarova isə 252,5 kiloqram yaş barama istehsal ediblər.