ELM VƏ TƏHSİL
Tələbələr olimpiada və müsabiqədə uğurlarına görə mükafatlandırılıb
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələr arasında təşkil etdiyi Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, riyaziyyat, informatika, fizika, kimya, biologiya, psixologiya üzrə olimpiadaların və təsviri incəsənət, musiqi üzrə müsabiqələrin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Olimpiada və müsabiqələr ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr edilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor Cəfər Cəfərov olimpiada və müsabiqələrin son üç ildə davamlı keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, olimpiadalar tələbələrin fəallığını artırır, elmə marağını dərinləşdirir, bu isə müasir dövrdə tələbə hazırlığına, kadr yetişdirilməsinə böyük köməkdir. Rəqabət mühiti tələbələri daha çox çalışmağa, bilik və bacarıqlarını artırmağa, təhsildə və elmdə irəliləməyə həvəsləndirir.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov iki turdan ibarət olimpiada və müsabiqələrdə qiymətləndirmə forması haqqında məlumat verib. Diqqətə çatdırıb ki, ümumilikdə olimpiada və müsabiqələrdə ADPU üzrə iştirak edən 1364 tələbədən 85-i ikinci tura keçib və onlardan 30-u I, II və III yer nominasiyaları üzrə qalib gəlib.
Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov olimpiada və müsabiqələrin əhəmiyyətindən danışıblar.
Sonda qaliblərə diplom və hədiyyələr təqdim edilib.