CƏMİYYƏT
Gömrük orqanına bəyan olunmayan müxtəlif növ mallar aşkarlanıb
Bakı, 19 iyun, AZƏRTAC
Gömrük orqanına bəyan olunmayan müxtəlif növ mallar aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında “Samur” gömrük postuna daxil olan Rusiya vətəndaşının idarə etdiyi “Mercedes-Benz 220 CDI” markalı avtomobilə gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin yük yerində olan ehtiyat təkərin yan hissələrindəki boşluqdan gömrük nəzarətinə bəyan edilməyən, müxtəlif adda ümumilikdə 100 soyuducu ehtiyat hissəsi-kondensator, 20 elektrik açarı, dişli təkər çarxı və ayırıcı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.