ELM VƏ TƏHSİL
Dilçilik İnstitutunda elmi sessiya: Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili məsələləri
Bakı, 19 iyun, AZƏRTAC
İyunun 19-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili məsələləri” mövzusunda elmi sessiya keçirilib. Sessiya Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli açaraq Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamının əhəmiyyətindən danışıb. “Cəlil Məmmədquluzadənin ana dili sevgisi” mövzusunda məruzə ilə çıxış edən B.Məhərrəmli bildirib ki, XX əsrin əvvəllərində zəngin yaradıcılığı və özünəməxsus üslubu ilə seçilən Mirzə Cəlil öz əsərlərində Azərbaycan xalqının həyat tərzini əks etdirib, tənqid və sarkazmlarla millətin intibahına çalışıb. O, yazıçının yaradıcılığında ortaq türk ədəbi dili, ana dilinin saflığı, əlifba məsələsi kimi aparıcı mövzuların mühüm yer tutduğunu, ədibin latın qrafikasının əsas tərəfdarlarından biri olduğunu söyləyib: “Cəlil Məmmədquluzadə hesab edirdi ki, milli maraqlar baxımından yazmaq, oxumaq, təlim və tərbiyə işləri doğma ana dilində aparılmalıdır”.
Ədibin “Molla Nəsrəddin” jurnalı vasitəsilə ana dilimizin inkişafına və təbliğinə çalışdığını deyən B.Məhərrəmli Mirzə Cəlilin nəşrin ilk nömrəsində yer alan “Sizi deyib gəlmişəm” məqaləsi ilə xalqımıza doğma dilimizdə müraciət etdiyini diqqətə çatdırıb. Bundan əlavə, Cəlil Məmmədquluzadənin 1913-cü ildə yazdığı “Əlifba” felyetonunda əlifba ilə bağlı oxucuları maarifləndirdiyini, onları düşünüb-daşınmağa çağırdığını bildirib.
Sessiyada filologiya üzrə elmlər doktoru, professor Alxan Bayramoğlunun “Cəlil Məmmədquluzadənin əsərlərində “yuxarı silkin” bədii obrazları”, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Quliyevanın “Cəlil Məmmədquluzadə yaradıcılığında toponimlərin üslubi xüsusiyyətləri” və filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Vahabovanın “Cəlil Məmmədquluzadə yaradıcılığında milli mənlik problemi” mövzularında məruzələri dinlənilib. Vurğulanıb ki, Cəlil Məmmədquluzadənin əsərləri Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi misilsiz bədii sənət nümunələridir. Bütün varlığı ilə Azərbaycan xalqına xidmət edən, yeni ədəbi məktəb yaradan, tənqidi realizmin banisi Mirzə Cəlilin xatirəsinə ehtiram hər bir ziyalının mənəvi borcudur.