ELM VƏ TƏHSİL
BDU ilə Türkiyənin Sivas Cümhuriyyət Universiteti arasında əməkdaşlıq genişlənir
Bakı, 19 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin əməkdaşları - beynəlxalq elm-təhsil proqramları, qrantlar və informasiya texnologiyaları şöbəsinin müdiri Elmira İsmayılova, şöbənin mütəxəssisi Hüseyn Hüseynli, Fizika fakültəsinin maddə quruluşu kafedrasının müəllimi Leyla Ağamalıyeva və astrofizika kafedrasının dosent əvəzi Kəmalə Alışova Erasmus+ KA107 layihəsi çərçivəsində Türkiyənin Sivas Cümhuriyyət Universitetində (SCU) olublar.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin əməkdaşlarının ilk görüşü SCU-nun rektoru, professor Alim Yıldızın ilə olub. O, universitetlər arasında mövcud əlaqələri yüksək dəyərləndirib.
Görüşdə BDU və SCU-nun birgə təşkilatçılığı ilə Nəsimi və Qazi Bürhanəddinə həsr olunan simpozium keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
SCU-nun Təhsil fakültəsinin dekanı, beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Ali Aksu və şöbənin əməkdaşları ilə görüşdə Erasmus+ KA107 layihəsi çərçivəsində görüləcək işlər, tələbə-müəllim mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Sonra E.İsmayılova və H.Hüseynli SCU-nun ədəbiyyat fakültəsinin dekan müavini, dosent Ahmet Yüksel, fakültənin müəllimi Zafer Karademirlə görüşüblər. BDU-nun Tarix və SCU-nun Ədəbiyyat fakültəsinin tarix bölməsi arasında əməkdaşlığın genişləndirilməsi, kollektiv məqalələr yazılması kimi məsələlər barədə fikir mübadiləsi aparılıb.
L.Ağamalıyeva və K.Alışova SCU-da fizikanın müxtəlif sahələrinə aid mühazirələr oxuyublar.
BDU-nun əməkdaşları SCU-nun Texnologiya Tədqiqat və Tətbiq Mərkəzində aparılan tədqiqatlarla yaxından tanış olub, təhsil müəssisəsinin Nanotexnologiya Mərkəzinin əməkdaşları və tələbələri ilə görüşüblər.