CƏMİYYƏT
Keçən il müharibələr və ailə zorakılığı nəticəsində təqribən 71 milyon insan öz evlərini tərk etməyə məcbur olub
Vaşinqton, 20 iyun, AZƏRTAC
Keçən il bütün dünyada müharibələr, təqiblər və zorakılığın digər formaları üzündən 71 milyon insan öz evlərini tərk etməyə məcbur olub. Bu, əhalinin sayına görə dünyada 20-ci yeri tutan bir ölkənin əhalisinin sayına bərabərdir.
AZƏRTAC xəbər verir ki, 2017-ci illə müqayisədə belə insanların sayı 2 milyon nəfər artıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı tərəfindən dərc edilmiş “Qlobal meyillər” adlı illik məruzədə 2018-ci ilin sonunda qaçqınların, sığınacaq axtaranların və məcburi köçkünlərin sayı göstərilir.
İyunun 20-də qeyd edilən Dünya Qaçqınlar Günü ərəfəsində dərc olunmuş bu rəqəmlər beynəlxalq hüquq, insan haqları və daxili siyasətin qovuşuğunda yerləşən mövzulara dair diskussiyaları genişləndirməlidir. Bəzi ölkələrdə, o cümlədən ABŞ-da immiqrantlara və qaçqınlara qarşı tədbirlər görülür. Ali komissar Filippo Qrandi dünya liderlərinə, o cümlədən Prezident Donald Trampa müraciət edərək deyib ki, miqrantları və qaçqınları qəbul edən ölkələrdə bu insanların həmin ölkələrdə iş yerləri və təhlükəsizlik üçün təhdid kimi qələmə verilməsi “dağıdıcı” addımdır. Qaçqınların işləri üzrə Komissarlıq bildirib ki, 2017-ci ildə 68,5 milyon, 2018-ci ildə isə 70,8 milyon nəfər zorakılıqla köçürülüb. Bu, on il əvvəlki ilə müqayisədə təqribən 65 faiz çoxdur. Həmin insanların beşdə üç hissəsi və ya 41 milyondan çoxu öz ölkələrində məcburi köçkün vəziyyətinə düşənlərdir.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və Azərbaycan torpaqlarının işğalı nəticəsində məcburi köçkün vəziyyətinə düşən 1 milyondan çox azərbaycanlı da buraya aiddir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton