REGİONLAR
İsmayıllıda üzüm-şərab istehsalında innovativ texnologiyaların tətbiqi mövzusunda seminar keçirilib
İsmayıllı, 20 iyun, AZƏRTAC
İsmayıllı Regional “Fermer evi”ndə Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnistitutu və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə “Üzüm-şərab istehsalında beynəlxalq standartların və innovativ texnologiyaların tətbiqi” mövzusunda seminar keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminarda İsmayıllı və Qəbələ rayonları üzrə üzümçülük və şərabçılıqla məşğul olan 30-dək fermer və sahibkar iştirak edib.
İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənov tədbirin əhəmiyyətindən danışıb, üzümçülük və şərabçılıqda innovativ texnologiyaların zəruriliyini qeyd edib.
Sonra təlimin məqsəd və hədəfləri, eləcə də gözlənilən nəticələr, gündəlikdə müzakirəsi nəzərdə tutulan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Seminarda Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnistitutunun şöbə müdiri, dosent Vüqar Səlimov “Üzümçülükdə innovativ, diferensial texnologiyalar və risklər”, şərabçılıq üzrə ekspert, texnika üzrə fəlsəfə doktoru, dosent Teymur Musayev “Beynəlxalq standartlara əsaslanan şərab istehsalı”, texnika üzrə fəlsəfə doktoru Mövlüd Hüseynov “Şərabların qüsur, xəta və xəstəlikləri, onlara qarşı tətbiq olunan texnoloji mikrobioloji üsullar” mövzularında məruzələrlə çıxış ediblər.
Seminarda mütəxəssislər tərəfindən fermerləri maraqlandıran suallar cavablandırılıb.