İDMAN
Döyüş idman növləri üzrə məktəblərarası dünya oyunlarında təmsilçilərimiz səkkiz medal qazanıblar
Bakı, 20 iyun, AZƏRTAC
Budapeştdə keçirilən döyüş idman növləri üzrə məktəblərarası dünya oyunlarına iyunun 20-də yekun vurulub.
Azərbaycan Məktəb İdmanları Federasiyasından AZƏRTAC-a bildiriblər ki, iyunun 16-da start verilən və dörd idman növü üzrə (WKF karate, güləş, taekvondo və cüdo) təşkil edilən yarışda Azərbaycanı karate və cüdo üzrə yığma komandalar təmsil ediblər. İdmançılarımız həmin yarışlarda uğurla çıxış edərək beş qızıl, bir gümüş, iki bürünc medal qazanıblar. Qızıl və gümüş medalları komandamızın aktivinə karateçilərimiz yazdırıblar. Oyunlarda Ramil Baxşəliyev (İlham Məmmədov adına 261 saylı məktəb-lisey), Kənan Babayev (7 nömrəli tam orta məktəb), Fərid Ağayev (189-190 saylı orta məktəb), Hüseyn Hüseynzadə (Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya), Hüseyn Məmmədli (157 saylı tam orta məktəb) qızıl, Fidan Dadaşova (31 saylı tam orta məktəb) gümüş medala layiq görülüblər. Cüdoçularımız Yunus Yunusov (71 saylı tam orta məktəb) və Məmmədrza Hacızadə (277 saylı idman təmayüllü tam orta məktəb) bürünc medal qazanıblar.
On səkkiz ölkədən 2350 idmançının qatıldığı yarışlarda “Təhsil” Respublika İdman Mərkəzinin karate və cüdo idman növləri üzrə komandaları 9 idmançı ilə təmsil olunub.
Azərbaycan karate idman növü üzrə medal sayına görə 8 ölkə arasında birinci yerə layiq görülüb.