İDMAN
Yaşar Bəşirov: Komandamızın Minskdə yüksək nəticə əldə edəcəyinə inanırıq
Bakı, 20 iyun, Leyla Qurbanova, AZƏRTAC
İkinci Avropa Oyunlarında iştirak edəcək karateçilərimiz yaxşı formadadırlar. Komandamızın Minskdə yüksək nəticə əldə edəcəyinə inanırıq.
Bu sözləri Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Federasiya prezidenti bildirib ki, komandamız ilk Avropa Oyunlarında ev sahibi kimi maksimum sayda - 12 nəfərlə təmsil olunmuşdu. Azərbaycan karateçiləri “Bakı 2015”i dörd qızıl, iki bürünc medalla qalib başa vurublar. Komandamız “Minsk 2019”a 7 lisenziya qazanıb. Bu, yaxşı nəticədir. II Avropa Oyunlarında bu qədər idmançı ilə təmsil olunan 3-4 komanda var.
İkinci Avropa Oyunlarında idmançılarımızın medal qazanmaq şanslarının böyük olduğunu bildirən Y.Bəşirov qeyd edib: “Yığmamızda kata üzrə Roman Heydərov mübarizə aparacaq. İdmançımız lisenziyanı Avropa çempionatında üçüncü yeri tutmaqla əldə edib və güclü potensiala malikdir. Digər təmsilçimiz Firdovsi Fərzəliyevə (60 kq) də böyük ümidlər bəsləyirik. O, ilk Avropa Oyunlarının qalibidir. Bu yaxınlarda Şanxayda keçirilmiş Premyer Liqa yarışlarında üçüncü yeri tutub. Rafiz Həsənov (67 kq) Avropa Oyunlarında ilk dəfə çıxış etsə də, təcrübəli karateçilərdən biridir. Ondan da medal gözləyirik. Rafael Ağayevi (75 kq) xüsusi qeyd etmək istəyirəm. Beşqat dünya, on bir dəfə Avropa çempionu olmuş Rafaelə ümidlərimiz böyükdür. Düzdür, zədəsi var və müalicəsi davam edir. İnanırıq ki, o, ikinci Avropa Oyunlarının qalibi kimi Vətənə qayıdacaq. Bu yarışlarda 84 kiloqram çəki dərəcəsində idmançımız iştirak etməyəcək. İlk Avropa Oyunlarının qalibi Ayxan Mamayev Oyunlara vəsiqə əldə edə bilməyib. Daha bir idmançımız Asiman Qurbanlının (+84 kq) da medal şansları yüksəkdir. O, lisenziyanı qitə çempionatında üçüncü yeri tutmaqla qazanıb. Qadınlar arasında isə Nuranə Əliyeva (50 kq) və İrina Zaretska (68 kq) mübarizə aparacaqlar. Nuranə Avropa çempionatında bürünc medal qazanmaqla vəsiqəni təmin edib. İrina Zaretska sonuncu dünya çempionatının qalibi, birinci Avropa Oyunlarının qızıl medalçısıdır. İnanırıq ki, o, bu dəfə də yüksək nəticə göstərəcək”.
Federasiya prezidenti vurğulayıb ki, baş məşqçi Bahəddin Kandaz, köməkçiləri Qurban Tağıyev, Şahin Xudaverdiyev, kata üzrə baş məşqçi Vahid Ayvazov, qadınlardan ibarət yığmanın baş məşqçisi Denis Morozov da Minskdə olacaqlar. Karateçilərimizin hər birinin medal qazanmaq imkanları böyükdür. İnanıram ki, oyunlarda dörd medal qazanacağıq. Onlardan ikisi qızıl medal olsa, bu, yaxşı nəticə hesab edilə bilər.