SİYASƏT
2030 Gündəliyinin həyata keçirilməsi üçün dövlət qulluqçularının tam hazırlanması
Bakı, 24 iyun, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində keçirilən seminarlardan biri də “2030 Gündəliyinin həyata keçirilməsi üçün dövlət qulluqçularının tam hazırlanması” mövzusunda olub.
AZƏRTAC xəbər verir ki, BMT-nin Təlim və Tədqiqatlar Mərkəzinin icraçı direktoru Nixil Set çıxış edərək sessiyada Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması üçün dövlət qulluqçularının tam hazırlanması məsələsinin araşdırılacağını söyləyib. Bildirib ki, seminarın əsas məqsədləri dövlət idarəetmə məktəblərində tədris proqramlarına Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) daxil edilməsinə dair qlobal tendensiyaları və regional perspektivləri təqdim etmək, dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə kömək edən strategiya və amilləri müzakirə edib təhlil etmək, DİM-in tətbiqində dəyişikliklərin təşviq edilməsi və səmərəli şəkildə dəyişdirilməsi üçün metodologiyalar və təcrübələri öyrənməkdir.
Seminar çərçivəsində “Dayanıqlı inkişaf üçün 2030 Gündəliyinin həyata keçirilməsində dövlət idarəçiliyinin hazırlığı üzrə qlobal trendlər, o cümlədən regional və milli perspektivlər”, “Dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə və DİM-in həyata keçirilməsində imkanların yaranmasına kömək edən strategiya, bilik və amillər”, “DİM-in tətbiqində dəyişikliklərin təşviq edilməsi və səmərəli şəkildə dəyişdirilməsi üçün metodologiyalar və təcrübələr” mövzularında sessiyalar keçirilib.
Sessiya müzakirələrlə və sual-cavabla davam edib.