MƏDƏNİYYƏT
Xalq artisti Şəfiqə Məmmədova Akademik Musiqili Teatrda müsabiqə komissiyasına rəhbərlik edəcək
Bakı, 25 iyun, AZƏRTAC
Akademik Musiqili Teatrla sıx əlaqəsi olan teatr və kino sənətimizin görkəmli nümayəndəsi, Xalq artisti, Dövlət mükafatları laureatı Şəfiqə Məmmədova həmişə bizim fəaliyyətimizlə yaxından maraqlanır, məşq proseslərini və tamaşalarımızı izləyir. Builki müsabiqə komissiyasına belə bir sənətkarımızın rəhbərlik etməsi bizim üçün də yeni perspektivlər açır. Ümid edirəm ki, Şəfiqə xanımın rəhbərliyi ilə keçiriləcək bu müsabiqənin nəticələri daha da uğurlu olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.
“Teatrımız hər il kollektivimizə işçi qəbulu üçün müsabiqə elan edir, istedadlı gənclərin üzə çıxarılmasına və işə qəbulu ilə bağlı onlara şərait yaradır. Ötən ay elan etdiyimiz müsabiqədə onlarla gənc sənəd verib. Sevindirici haldır ki, iddiaçılar arasında təcrübəli aktyorlar, hətta Əməkdar artistlər də var. Biz gələn ay növbəti seçim turuna başlayacağıq ki, sentyabrda – 110-cu mövsümündə teatrımızı gənc kadrlarla təmin edə bilək. Ümumiyyətlə, teatrın xor, balet, orkestr və aktyor heyətinə yeni istedadların cəlb olunması teatra yeni nəfəs gətirir, maraqlı tamaşaların ərsəyə gəlməsinə imkan yaradır”, - deyə Ə.Lalayev qeyd edib.