REGİONLAR
ABŞ-ın Monterey şəhərinin nümayəndə heyəti Lənkəran Dövlət Universitetində olub
Lənkəran, 25 iyun, Bağır Əliyev, AZƏRTAC
ABŞ-ın Kaliforniya ştatının Lənkəranla qardaşlaşmış Monterey şəhərinin Bələdiyyə Şurasının üzvü Allan Haffa və Monterey-Lənkəran Dostluq Cəmiyyətinin sədri Nensi Selfricdən ibarət nümayəndə heyəti Lənkəran rayonuna səfəri çərçivəsində iyunun 25-də Lənkəran Dövlət Universitetində (LDU) olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, amerikalı qonaqlar LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovla görüşüblər.
N.İbrahimov Monterey və Lənkəran şəhərlərinin dostluq münasibətlərini yüksək dəyərləndirərək tərəflər arasında işgüzar əlaqələrin davamlı olmasının hər iki tərəf üçün faydalı olacağını bildirib.
Universitetdə son illərdə gedən təhsil islahatları, maddi–texniki bazanın dünya standartlarına uyğun yenilənməsi, tələbat duyulan yeni ixtisaslar üzrə kadr hazırlığı barədə qonağa məlumat verən universitet rəsmisi LDU ilə Kaliforniya şəhərlərindəki ali təhsil müəssisələri arasında dostluq əlaqələrinin yaradılmasında maraqlı olduqlarını, müəllim-tələbə mübadiləsinin tərəflər üçün səmərəli olacağını deyib.
Səmimi görüşə görə minnətdarlıq edən xanım Nensi Selfric LDU-ya ikinci dəfə səfər etdiyini və bu ali təhsil müəssisəsi ilə bağlı xoş təəssüratının olduğunu vurğulayıb.
Universitetdə təcrübi məşğələlərə geniş yer ayrılmasını, kadrların praktik hazırlığına böyük önəm verilməsini müsbət təcrübə kimi dəyərləndirən xanım Nensi Selfric bu xətti ardıcıl davam etdirməyi tövsiyə edib.
Monterey şəhərinin Bələdiyyə Şurasının üzvü, professor Alan Haffa LDU ilə Kaliforniya Universitetləri arasındakı əlaqələrin yaradılmasına yardımçı olacağını söyləyib. Əməkdaşlığın birinci mərhələsində tələbə-müəllim mübadiləsi, birgə tədbirlərin keçirilməsi, təcrübi məşğələlərin aparılması məqsədəmüvafiq sayılıb.
Amerikalı qonaqlar LDU-da təhsil alan tələbələrlə də görüşüblər.
Görüş qarşılıqlı dialoq və diskussiya şəraitində keçib.