DÜNYA
BMT İranla nüvə sazişinə tam şəkildə əməl olunmasının tərəfdarıdır
Bakı, 27 iyun, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının iyunun 26-da keçirilən iclasında bildirilib ki, təşkilat İranla nüvə sazişinə tam şəkildə əməl olunmasının tərəfdarıdır.
AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, təşkilatın baş katibinin müavini xanım Rozmari Di Karlonun sədrliyi ilə keçirilən iclasda 12 il davam edən müzakirələrin nəticəsi olan və 2015-ci ildə İranla Qərb ölkələri, Rusiya və Çin arasında imzalanmış sazişin şərtlərinə əməl olunmasının Yaxın Şərqdə və bütün dünyada sülhün və sabitliyin təmin edilməsində mühüm amil olacağı bildirilib. Birləşmiş Ştatların yeni administrasiyasının sonradan Birgə Yekun Fəaliyyət Planı (JCPOA) adlanan bu sənəddən çıxmasından sonra BMT bəyan edib ki, qalan ölkələrin onun şərtlərinə əməl etməsini arzu edir. Eyni zamanda, Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) son hesabatında Tehranın da bu razılaşmanı tərk etmək istədiyini bildirməsi və uranın zənginləşdirilməsi həcmini artıracağını elan etməsi təşkilatın baş katibi Antonio Quterreşin ciddi narahatlığına səbəb olub. Bununla belə, BMT ABŞ-ın sanksiyalarına rəğmən İranın konstruktiv mövqeyinin davam edəcəyinə ümidvar olduğunu bildirib.
İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt Rəvançı isə bildirib ki, ABŞ-ın sözügedən sazişdən çıxması və Tehrana qarşı yeni sanksiyalar tətbiq etməsi bu sənədin effektivliyini heçə endirib. Onun sözlərinə görə, İran təkbaşına sazişin qorunub saxlanılması istiqamətində səylər göstərə bilməz.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Conatan Kohen isə Təhlükəsizlik Şurasının bu mövqeyini sərt tənqid edib və bildirib ki, İrana qarşı güzəştlər gələcəkdə onun nüvə silahı əldə etməsi ilə nəticələnə bilər.