İQTİSADİYYAT
Bakının 6 rayonunun icra hakimiyyətlərində sığorta savadlılığının artırılması üçün maarifləndirici tədbir keçirilib
Bakı, 27 iyun, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə Binəqədi, Suraxanı, Xəzər, Nərimanov, Yasamal və Qaradağ rayon icra hakimiyyətlərində sığorta savadlılığının artırılması üçün maarifləndirici tədbirlər keçirilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Sığorta həftəsi” çərçivəsində keçirilən tədbirlərdə qeyd olunan rayonlarda fəaliyyət göstərən sahibkarlar, müxtəlif dövlət qurumlarının, İcbari Sığorta Bürosunun, Azərbaycan Sığortaçılar Assosiasiyasının, həmçinin sığorta şirkətlərinin nümayəndələri iştirak edib. Tədbirlər zamanı sığortanın mahiyyəti, sığorta sektoru, könüllü və icbari sığorta növləri, daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası barəsində təqdimatlar edilib.
Təqdimatlardan sonra interaktiv formatda keçirilən tədbirlərdə iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılıb, müvafiq mövzular üzrə müzakirələr aparılıb.