ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutunun rektoru mükafata layiq görülüb
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov ali təhsil müəssisəsində şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə həyata keçirdiyi tədbirlərlə tələbələrin rəğbətini qazanaraq, ölkənin ən böyük təhsil səhifəsi olan və ölkə ali məktəblərini özündə birləşdirən “Azərbaycan universitetləri” “Facebook” səhifəsinin təsis etdiyi “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, mükafatı Ceyhun Məmmədova “Azərbaycan universitetləri” “Facebook” səhifəsinin rəhbəri Zöhrab Süleyman təqdim edib.
Görüş zamanı rektor institutda təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin daha çevik və səmərəli qurulması, beynəlxalq əlaqələrin genişləndirilməsi üçün həyata keçirilən böyük islahatlar, çoxsaylı layihələr haqqında məlumat verib, qarşıya qoyulan hədəf və məqsədlərlə bağlı fikirlərini bölüşüb.
Aİİ rəhbəri vurğulayıb ki, güclü şəxsiyyət yetişdirmək üçün tələbələrə dərin bilik, zəngin dünyagörüşü, yüksək mədəniyyət aşılamaq institutun əsas məqsədlərindəndir. Vətənpərvər mütəxəssislərin hazırlanması yönündə dərin dini və dünyəvi biliklərə, yüksək intellektə malik kadrlar yetişdirilməsi institutun qarşıya qoyduğu vəzifələrdəndir. Ceyhun Məmmədov qeyd edib ki, bu məqsədlərə nail olmaq üçün Aİİ bütün gücünü və potensialını səfərbər edib, göstərilən yüksək inam və etimadı doğrultmağa çalışır.
Rektor Aİİ-də dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradıldığını, təhsilin ödənişsiz əsaslarla həyata keçirildiyini, ayrıca xarici dil kurslarının təşkil edildiyini, institutda tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi istiqamətində müxtəlif mövzularda seminar və görüşlərin təşkil olunduğunu vurğulayıb.
Ali təhsil müəssisəsində qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün zəruri addımlar atıldığını və bundan sonra da atılacağını bildirən rektor tələbələrə valideyn qayğısı ilə yanaşıldığını nəzərə çatdırıb.
Zöhrab Süleyman qeyd edib ki, institut yarandığı gündən etibarən öz fəaliyyətində milli-mənəvi dəyərlərimizin təbliğinə, tələbələrdə vətənpərvərlik ruhunun, Vətənə sevginin və ona bağlılığın gücləndirilməsinə xüsusi önəm verir. Atdığı mütərəqqi addımlar cəmiyyətdə institutun nüfuzunun xeyli yüksəlməsinə və müsbət imicinin formalaşmasına əsas verib.