İQTİSADİYYAT
Bakı Fond Birjasının ticarət platformasında 78,6 milyon manat məbləğində repo əməliyyatı baş tutub
Bakı, 19 iyul, AZƏRTAC
Bakı Fond Birjasının (BFB) ticarət platformasında 78,6 milyon manat məbləğində repo əməliyyatı baş tutub.
BFB-dən AZƏRTAC-a bildirilib ki, bu nəticə 2014-cü ildən BFB-nin ticarət sistemində bir gün üzrə aparılan repo əməliyyatları arasında rekord göstəricidir. Ümumilikdə, 2019-cu il yanvar-iyun ayları üzrə repo əməliyyatlarının ümumi məbləği 437,8 milyon manat təşkil edib.
Repo əməliyyatlarında son iki il ərzində əhəmiyyətli artım tempi müşahidə olunub. Belə ki, 2017-ci ilin birinci yarısında repo əməliyyatlarının ümumi məbləği 11,6 milyon manat, 2018-ci ilin eyni dövrü üzrə bu göstərici 466,2 milyon manat olub.
Repo predmeti kimi Maliyyə Nazirliyi tərəfindən emissiya olunan dövlət istiqrazlarına tələb yüksək qalmaqdadır, eyni zamanda, dövr ərzində Mərkəzi Bankın notları və korporativ istiqrazlar üzrə də repo əqdləri həyata keçirilib. Belə ki, 2019-cu ilin ilk yarımili üzrə dövlət istiqrazlarının payı 60,7 faiz (265,7 milyon manat), Mərkəzi Bankın notlarının payı 37,7 faiz (165,2 milyon manat), ARDNŞ istiqrazların payı isə 1,6 faiz (4,1 milyon ABŞ dolları) olub.