CƏMİYYƏT
Milli Məclisin deputatı Qənirə Paşayeva Tailandda bir sıra görüşlər keçirib
Bakı, 21 iyul, AZƏRTAC
Milli Məclisin deputatı Qənirə Paşayeva Tailandın Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının rəhbərliyi və tanınmış təşkilat rəhbərləri ilə görüşdə köçkün qadınlardan danışıb.
AZƏRTAC xəbər verir ki, Tailand Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının rəhbərliyi və bu ölkənin tanınmış təşkilat rəhbərləri, fəal qadınları ilə görüş zamanı Qənirə Paşayeva Azərbaycanın bütün istiqamətlərdə Tailandla əməkdaşlığın inkişafına önəm verdiyini deyib.
Azərbaycan parlamentinin Tailand ilə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan Milli Məclisin deputatı bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib. Q.Paşayeva Tailand Biznes və Peşəkar Qadınlar Federasiyasının nümayəndə heyəti, tanınmış təşkilat rəhbərləri, fəal qadınları ilə görüşdə onlara Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olmasından danışıb. O, xüsusilə Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verib. Milli Məclisin deputatı bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün fəal qadınlar köçkün qadınların yanında olmalıdır. Qənirə Paşayeva onları Azərbaycana dəvət edib.
Tailand Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının rəhbərliyi, tanınmış təşkilat rəhbərləri, fəal qadınlar Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiklərini, iki ölkə arasında münasibətlərin getdikcə daha da sürətlə inkişaf edəcəyinə inamlarını ifadə ediblər. İki ölkənin qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunun vurğulandığı görüşdə qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb.
Sonda Milli Məclisin deputatı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Qənirə Paşayeva Tailand Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti və Tailandın tanınmış təşkilat rəhbərləri, fəal qadınlarına Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə hazırlanmış Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ, Xocalı soyqırımı həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materiallar təqdim edib.