REGİONLAR
Lənkəranda ordu sıralarından tərxis olunmuş gənclərlə görüş
Lənkəran, 23 iyul, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin birgə təşkilatçılığı ilə ordu sıralarından tərxis olunmuş gənclərlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Görüşdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Tural Məmmədov ölkəmizdə gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində həyata keçirilən tədbirlərdən, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tez-tez cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olması, düşmənlə təmas xəttində olan əsgərlərlə görüşü hərbçilərin ruh yüksəkliyini daha da artırıb.
Diqqətə çatdırılıb ki, müasir müstəqil Azərbaycanın güclü ordusu var. Ordumuz qarşıya qoyulan bütün vəzifələri uğurla həyata keçirməyə qadirdir.
Tədbirin sonunda müddətli hərbi xidmətdən tərxis olunmuş gənclərə hərbi biletlər təqdim olunub.