DÜNYA
Avropa İttifaqında biokənd təsərrüfatı məhsulları üçün əkin sahələrinin çoxu İspaniyadadır
Madrid, 19 avqust, AZƏRTAC
2018-ci ildə İspaniyada orqanik bitkilər əkilən torpaqlar 8 faiz genişlənib.
İspaniyada orqanik bitkilər üçün nəzərdə tutulan əkin sahələri artıq on ildir ki, durmadan artır.
AZƏRTAC İspaniya Kənd Təsərrüfatı, Balıqçılıq və Ərzaq Nazirliyinə istinadla xəbər verir ki, ötən il belə əkin sahələri 8 faiz artaraq 2,4 milyon hektara çatıb.
Orqanik məhsullar üçün adambaşına xərclər də 46,5 faizə qədər artıb, halbuki 2013-cü ildə həmin 21,85 avroya bərabər olub. Nazirlikdən bildiriblər ki, xərclərin artmasına baxmayaraq, bu rəqəm, xüsusən İsveçrə, Danimarka və İsveçlə müqayisədə xeyli aşağı göstəricidir.
“Eurostat”ın məlumatına görə, Avropa İttifaqında orqanik bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan ən geniş əkin sahələri İspaniyadadır. Onun ardınca İtaliya, Fransa və Almaniya gəlir. Avropada ekoloji baxımdan ən təmiz torpaqlar Avstriyadadır. İspaniyada biokənd təsərrüfatı bitkilərinin yetişdirilməsi üçün yararlı olan ən geniş əkin sahələri Əndəlis, Kastiliya-La-Mança və Kataloniya muxtar qurumları ərazilərindədir.
Ekspertlər bildirirlər ki, İspaniyanın muxtar qurumlarında orqanik bitkilərin istehsalının inkişafı həmin bölgələrdə iş yerlərinin yaradılmasına da kömək edir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid