DÜNYA
Gürcüstandan Rusiyaya gedən yeganə magistralda avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulub
Tbilisi, 19 avqust, AZƏRTAC
Gürcüstandan Rusiyaya gedən yeganə Mtsxeta-Stepantsminda-Lars magistralında avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb. Məlumatda deyilir ki, məhdudiyyətlər “Hərbi-Gürcüstan Yolu” kimi tanınan magistralın 125-ci kilometrliyində, Terek çayı üzərindəki körpüdə aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədardır.
Həmin ərazidə avqustun 19-dan 22-dək hər gün saat 12:00-dan 16:00-dək qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilir. Digər avtomobillərin hərəkəti isə polisin nəzarəti altında davam edəcək.
Ümumi uzunluğu 35 kilometr olan “Hərbi-Gürcüstan yolu” Rusiya ilə Gürcüstan və Ermənistan arasında yeganə avtomobil yoludur. Hər gün bu yolla 3000-3500 avtomobil hərəkət edir. Bu yol qış fəslində buz bağladığı üçün bir aydan çox bağlı olur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi