ELM VƏ TƏHSİL
SAT imtahanında ən yüksək bal toplayan gənclər ADA Universitetində təhsil alacaqlar
Bakı, 22 avqust, AZƏRTAC
Xəlil Əsədzadə ən yüksək SAT nəticəsi ilə - 1500 balla ADA Universitetinin informasiya texnologiyaları ixtisasına, Fəridə Sadıqova isə 1430 balla biznes fakültəsinə qəbul olublar.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Xəlil Əsədzadə ADA-nın təhsil imkanları ilə tanış olduqdan sonra qərarını verib.
“Avstraliya, Amerika və Avropanın 50-dən çox universitetindən dəvət məktubu almağıma baxmayaraq, innovativ təhsil arzularımı ADA Universitetində reallaşdıracağam. Müxtəlif proqramlaşdırma dillərindən istifadə edərək qrup yoldaşlarımla yeni layihələr həyata keçirməyi qarşıma məqsəd qoymuşam”, - deyən Xəlil Əsədzadə həm də futbol, basketbol və digər idman növləri üzrə oyunlarda bir çox mükafatlar qazanıb.
Məktəb illərindən ADA Universitetində təhsil almaq arzusunda olduğunu deyən Fəridə istəyinin reallaşmasından çox sevinir.