REGİONLAR
Əlliyə yaxın alim və tədqiqatçının qatıldığı “Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu başa çatıb
Quba, 15 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Quba Soyqırımı Memorial Kompleksində beş ölkədən 50-yə yaxın alim və tədqiqatçının iştirakı ilə keçirilən “Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən simpozium Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba Soyqırımı Memorial Kompleksi, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gürcüstan Qafqaz İrs Araşdırma İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumunun ikinci günü plenar iclasla davam edib.
Simpoziumun keçirilməsinin əsas məqsədi dünyanın və Azərbaycanın müxtəlif yerlərində tarixi-mədəni irsi, memarlıq və xatirə abidələri, qədim şəhərləri və insanların həyat tərzini araşdıran alim və tədqiqatçıları bir araya gətirmək, regionlarda elm və mədəniyyətin inkişafına ictimai dəstək verməkdir.
Tədbirin Quba Soyqırımı Memorial Kompleksində keçirilməsinin əsas səbəbi bu məkanın türk-müsəlman dünyasında erməni vandalizmini özündə əks etdirən yeganə ideoloji mərkəz olması və ilk Cümhuriyyət şəhidlərinin - 1918-ci ildə soyqırımına məruz qalmış günahsız insanların uyuduğu müqəddəs yerin burada yerləşməsi ilə əlaqədardır.
1918-ci ilin 15 sentyabrı Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Həmin gün Bakı erməni-bolşevik işğalından azad edilib. 1918-ci ilin ilk möhtəşəm və tarixi hadisəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması idisə, ikincisi Bakının işğaldan azad olunmasıdır. Bakının azad olunması ilə Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi. Simpoziumun qeyd olunan tarixi hadisənin 101-ci illiyi ərəfəsində təşkili bu əlamətdar günü bir daha yada salmaq, xatırlamaq məqsədi daşıyır.
Tədbir iştirakçıları kompleksdə Azərbaycanın, o cümlədən Qubanın tarixinə aid və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin çap etdirdiyi kitablardan, həmçinin Quba xalçalarından və “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun kəlağayılarından ibarət sərgilərlə tanış olublar.
Simpoziumda Azərbaycan, Türkiyə, İtaliya, Gürcüstan və Omandan olan alimlərin məruzələri dinlənilib, qarşılıqlı müzakirələr aparılıb.
Tədbirin son günü qonaqlar Qubanın görməli yerləri ilə tanış olublar.