CƏMİYYƏT
El pəhləvanı Yaşar Cavadovun xatirəsinə həsr olunmuş VI respublika turniri keçirilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən rayondakı Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə idman ustası, daşqaldırma üzrə SSRİ idman ustası, məşhur pəhləvan Yaşar Cavadovun xatirəsinə həsr olunmuş azyaşlı yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə VI respublika turniri keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, turnirin açılış mərasimində çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov ölkədə və rayonda uğurla həyata keçirilən idman siyasətindən söz açıb. Qeyd edib ki, bu gün idmanın inkişafı, onun bütün ölkə boyunca kütləviliyinin təmin edilməsi daim dövlət tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır, idmançılarımız beynəlxalq arenalarda öz sözlərini deyir və ciddi rəqib kimi qəbul edilirlər.
Mərhum pəhləvan Yaşar Cavadovun oğlu, zorxana güləşi üzrə dünya çempionu, dördqat Avropa çempionu Vüsal Cavadov rayon turniri haqqında məlumat verib, iştirakçılara uğurlar arzulayıb.
Sonra respublikanın müxtəlif bölgələrindən olan tanınmış pəhləvanlar öz məharətlərini göstəriblər.
Daha sonra yarışlara start verilib və idmançılar döşəyə dəvət olunublar.
Turnirdə Bakı Təhsil, Bakı Rabitə, Olimp Sport Bakı, Şirvan, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala, Füzuli, Beyləqan, Saatlı, Quba və Salyan komandalarından ümumilikdə 150 idmançı iştirak edib.
Yekun nəticədə komanda hesabında Cəlilabad, Lənkəran, Salyan müvafiq olaraq ilk üç yeri tutub.
Qaliblər Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və hədiyyələrlə təltif ediliblər.