CƏMİYYƏT
Ədliyyə Nazirliyinin nümayəndə heyəti Parisdə təlim səfərindədir VİDEO
Paris, 17 sentyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin cari il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın icrası üzrə tədbirlər davam etdirilir. Bununla əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi Nurəddin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Fransada təlim səfərindədir.
AZƏRTAC xəbər verir ki, təlim səfərinin əsas məqsədi Fransada məhkəmə qərarlarının icrasının özəl sistemi ilə tanış olmaqdır. Nümayəndə heyəti Fransa İcra Məmurları Milli Palatasının vitse- prezidenti Patrik Safar, Beynəlxalq İcra Məmurları İttifaqının (UİHJ) prezidenti Mark Şmitz və İttifaqın birinci vitse-prezidenti Metyu Şardon ilə görüşlər keçirib.
Görüşlərdə məhkəmə qərarlarının icrası sahəsində özəl icra qurumlarının rolundan, bu institutun əhəmiyyətindən söz açılıb, bu sahədə Fransa təcrübəsindən danışılıb, günün tələbi olan elektron sistemlərin tətbiqinin vacibliyi vurğulanıb və fikir mübadiləsi aparılıb.
Azərbaycana xüsusi rəğbətini nümayiş etdirən Beynəlxalq icra məmurları İttifaqının prezidenti Mark Şmitz rəhbəri olduğu təşkilat, onun məqsəd və vəzifələri, həyata keçirdiyi layihələr və ekspertiza missiyaları haqqında məlumat verib. Yaxın zamanlarda Azərbaycanın da UİHJ-nin üzvü olacağına ümid etdiyini bildirib.
Bundan sonra nümayəndə heyətinin sualları ətrafında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətini Avropa Şurasının Bakı ofisinin nümayəndəsi Vəfa Rövşənova və proqram meneceri Mariana Fernandez müşayiət edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris