DÜNYA
Yaponiya ilə Yeni Zelandiya arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Tokio, 19 sentyabr, AZƏRTAC
Sentyabrın 19-da Yaponiyanın Baş Naziri Şinzo Abe ilə Yeni Zelandiyanın Tokioda rəsmi səfərdə olan Baş Naziri Casenda Ardern arasında yüksək səviyyəli görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, görüşün nəticəsi olaraq liderlər birgə bəyanatla çıxış ediblər.
Yeni Zelandiyanın Baş Nazirini Tokioda salamlamaqdan məmnun olduğunu bildirən Ş.Abe iki ölkə arasında ümumi dəyərlərə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayıb. Bildirib ki, o, Hind-Sakit okeanlar regionunda azad və açıq əməkdaşlığın formalaşması üçün bu səfərin əhəmiyyətini yüksək qiymətləndirir.
İki ölkə arasında qarşılıqlı münasibətlərdən danışan Ş.Abe təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlıq, Sakit okean hövzəsi ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətini qeyd edib. Baş Nazir son illər iqtisadi sahədə davamlı inkişafın olduğunu da xüsusi vurğulayıb.
Yaponiyaya növbəti səfərdən məmnunluğunu bildirən C.Ardern göstərilən qonaqpərvərliyə görə minnətdarlığını çatdırıb. Baş Nazir Şinzo Abe ilə ikitərəfli əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.
Şimali Koreya məsələsinə toxunan iki ölkənin liderləri bu ölkənin bütün kütləvi qırğın silahlarının və ballistik raketlərinin tam, nəzarət olunan və bərpa edilməyən şəkildə ləğvi barədə vahid mövqe nümayiş etdirərək, BMT TŞ-nin müvafiq qətnamələrinin icrası ilə bağlı həmrəy olduqlarını da qeyd ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio