REGİONLAR
Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqları qorunur
Naxçıvan, 20 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, qəbul edilən dövlət proqramlarından irəli gələn vəzifələrin icrası avqust ayında da diqqətdə saxlanılıb, tədbirlər keçirilib, monitorinq və muzeylərə ekskursiyalar təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Şahbuz rayonunun Aşağı Qışlaq kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib, 205 maarifləndirici broşür paylanılıb. Aztəminatlı ailələrin sosial vəziyyətlərinin araşdırılaraq həll edilməsi məqsədilə Culfa rayonunun Əbrəqunus kəndində yaşayan aztəminatlı, II qrup sağlamlıq imkanları məhdud ailəyə baş çəkilib, ailə üzvləri tibbi müayinədən keçirilib və ehtiyaclarına uyğun kömək göstərilib. Həmçinin Şərur rayonu üzrə valideyn himayəsindən məhrum olmuş 5 uşağın sağlamlığı, təhsili, yaşayış şəraitləri ilə maraqlanılıb.
Ötən ay muxtar respublikada uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib. Eyni zamanda, uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına uşaqlar haqqında fərdi məlumatların yeni proqrama uyğun daxil edilməsi davam etdirilib. Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı işlər də görülüb, 10 uşaq məktəb, məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə cəlb olunub.