DÜNYA
“Colt” şirkəti AR-15 tüfənginin istehlakçı bazarı üçün istehsalını dayandıracaq
Vaşinqton, 20 sentyabr, AZƏRTAC
Odlu silah, o cümlədən Amerikada çox populyar olan “Colt” tapança və revolverlərinin istehsalçısı “Colt’s Manufacturing Company” şirkəti sentyabrın 19-da yarımavtomat AR-15 tüfənginin istehlakçı bazarı üçün istehsalını dayandıracağını elan edib.
AZƏRTAC xəbər verir ki, “Colt’s Manufacturing Company” şirkətinin bəyanatı bu yaxınlarda ABŞ-ın müxtəlif şəhərlərində törədilmiş kütləvi gülləbaranlarla bağlıdır. Şirkətin prezidenti və icraçı direktoru Dennis Veye bu addımı istehlak bazarında tələbatın azalması ilə izah edib. Lakin ekspertlər əmindirlər ki, bu tədbirlər məhz sosial məsuliyyət mülahizələrinə əsaslanır.
Veyenin bəyanatında göstərilir ki, şirkət hərbi və hüquq mühafizə orqanları üçün silahların, o cümlədən tüfənglərin, həmçinin 1911-ci il nümunəli populyar revolverlərin istehsalını davam etdirəcək.
Xatırladaq ki, AR-15 yarımavtomat tüfəngləri son illərdə cinayətkarlar tərəfindən bir sıra kütləvi gülləbaran hadisələrində istifadə edilib, o cümlədən Pittsburqdakı Pauey sinaqoqunda 11 nəfər qətlə yetirilib. 2018-ci il fevralın 14-də Florida ştatının Parklend şəhərində Marcori Stounman Duqlas adına orta məktəbdə 17 nəfər şagirdi və müəllimi öldürdüyünü etiraf etmiş Nikolas Kruz da AR-15 tipli tüfəngdən istifadə edib. 2017-ci ilin oktyabr ayında mehmanxana nömrəsinin pəncərəsindən atəş açaraq 59 nəfəri güllələmiş Stiven Peddokun qaldığı nömrədə də onlarca tüfəng, o cümlədən yarımavtomat AR-15 tüfəngi aşkar edilib.
Ötən ay törədilmiş sonuncu gülləbaranlardan sonra bəzi mağazalar şəbəkəsi tərəfindən yarımavtomat tüfənglərin satışı dayandırılıb.
Yusif Babanlı
AZƏRTAC–ın xüsusi müxbiri
Vaşinqton