MƏDƏNİYYƏT
Budapeştdə Macarıstan-Türkiyə Gülbaba Festivalı açılıb
Budapeşt, 21 sentyabr, AZƏRTAC
Bu gün Budapeştin Rojadomb (“Qızılgüllər təpəsi”) rayonundakı Gülbaba Məqbərə Kompleksinin ərazisində eyniadlı Macarıstan-Türkiyə Festivalı açılıb.
AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək bu tədbirin proqramına poetik qiraətlər, macar və türk sənətkarlarının əl işlərinin yarmarkası və konsertlər daxildir. Festivalda Osmanlı-türk və macar xalq tətbiqi sənət ustalarının işləri və müasir incəsənət nümunələri nümayiş etdiriləcək. Proqramda uşaqlar üçün tədbirlər də nəzərdə tutulub.
Festivalın açılış mərasimində iştirak edən Macarıstan XİN-in mətbuat katibi Tamaş Mentser AZƏRTAC-a müsahibəsində deyib: ”Biz öz mədəni irsimizə nə qədər yüksək qiymət veririksə, bir o qədər güclü oluruq, gələcəkdə bir o qədər uğurlu olacağıq”.
Onun sözlərinə görə, keçən il bu məkanda Türkiyə Mədəniyyətinə Dəstək Fondu tərəfindən 60-a yaxın tədbir keçirilib. AZƏRTAC-ın müsahibi xatırladıb ki, Gülbaba Məqbərə Kompleksində bərpa işlərini həyata keçirmiş dizayner Aniko Andor “İlin landşaft dizayneri” mükafatına layiq görülüb.
Tamaş Mentser festivalın açılış mərasimində çıxışında qeyd edib ki, bu festivalın əsas məqsədi Türkiyə və Macarıstan mədəniyyətləri arasında qarşılıqlı əlaqələri nümayiş etdirməkdir. Türkiyə və Macarıstan tarixində oxşar məqamların çox olduğunu söyləyən T.Mentser vurğulayıb ki, hər iki xalqı təmsil edən böyük qəhrəmanların fəaliyyəti təqdirəlayiqdir.
Pərvanə Qarayeva
AZƏRTAC–ın xüsusi müxbiri
Budapeşt