CƏMİYYƏT
Cahangir Hacıyev: “Xəzəri qoruyaq” şüarı altında keçirilən aksiya vətəndaşlarımız üçün bir mesajdır
Bakı, 21 sentyabr, AZƏRTAC
Bu gün Beynəlxalq Sahilyanı Təmizlik Günüdür. Biz ənənəvi olaraq beşinci ildir ki, bu beynəlxalq günə öz töhfəmizi veririk. “ASAN Könüllüləri” və “ASAN xidmət” hər zaman ictimai proseslərdə fəal iştirak edir, dünyamız üçün faydalı olan günlərin qeyd olunmasında pay sahibi olur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin insan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibəsində deyib.
C.Hacıyev bildirib ki, Buzovna çimərliyi ərazisində “Xəzəri qoruyaq” şüarı altında keçirilən təmizlik aksiyasında 500-dən çox ASAN Könüllüsü iştirak edib: “Bu təşəbbüs vətəndaşlarımız üçün bir mesajdır. Aksiyaya qoşulanlar vətəndaşlarımızı istirahət etdikləri əraziləri tullantılarla çirkləndirməməyə çağırır. İstəyimiz odur ki, vətəndaşlar dincəldikləri əraziləri çirkləndirməsinlər və gələcəkdə belə aksiyalara ehtiyac qalmasın”.