SİYASƏT
Avstraliya Azərbaycanlılar Assosiasiyası Baş Nazir Skott Morrisonu Türkiyəyə qarşı ədalətli mövqe nümayiş etdirməyə çağırıb
Tokio, 14 oktyabr, AZƏRTAC
Yaranmış mürəkkəb şəraiti nəzərə alaraq, biz “Sülh çeşməsi” əməliyyatında Türkiyəni tam dəstəkləyirik və Avstraliyanın yerli və federal parlamentarilərindən Türkiyənin Suriyada yaranmış beynəlxalq böhranı aradan qaldırmaq, ölkənin cənub sərhədlərində sülhü bərpa etmək məqsədilə həyata keçirdiyi bu əməliyyatda dəstəkləməyə çağırırıq.
AZƏRTAC xəbər verir ki, bu barədə Sidneydə fəaliyyət göstərən Avstraliya Azərbaycanlıları Assosiasiyasının (AAA) Baş Nazir Skott Morrisona ünvanlandığı məktubda deyilir.
Assosiasiyanın vitse-prezidenti xanım Sara Azərsun tərəfindən imzalanan məktubda qeyd edilir ki, Türkiyə artıq on illərdir “Kürd Fəhlə Partiyası” (PKK) adlı terror təşkilatının çoxsaylı hücumlarına məruz qalır. Əsasən dinc əhaliyə qarşı yönələn həmin hücumlar zamanı Türkiyə vətəndaşları oğurlanır, onlara qarşı partlayışlar törədilir, hətta açıq hücum əməliyyatları təşkil olunur ki, bunun da nəticəsində indiyədək 40 mindən çox insan həlak olub. Məhz bu səbəblərə görə, həm BMT, həm də Avstraliya hökuməti PKK-nı terror təşkilatı adlandırıb.
Suriyada son illər baş verən hadisələrə diqqət çəkən müəllif bu ölkədən qaçan 5 milyondan çox insanın 3,6 milyonunun Türkiyə tərəfindən qəbul edildiyini xüsusi qeyd edib. Bildirib ki, bununla əlaqədar Türkiyə ilə Avropa İttifaqı arasında imzalanmış pakt ikinci tərəfindən axıradək yerinə yetirilməyib və Türkiyə hökuməti qaçqınları öz vəsaiti hesabına yerləşdirmək məcburiyyətində qalıb.
Məktubda qeyd edilir ki, İŞİD yaraqlıları ilə mübarizədən sui-istifadə edən PKK həmin ərazidəki Suriya şəhərlərini yerli əhali olan türkmənlərdən və ərəblərdən təmizləməyə başlayıb. Yerli əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. Bu əməliyyatlar zamanı yerli kürd əhaliyə qarşı da zorakılıqlar tətbiq edildiyi məktubda xüsusi vurğulanıb.
Məktubda qeyd edilir ki, cari il oktyabrın 10-da Türkiyə ordusunun başladığı “Sülh çeşməsi” əməliyyatı məhz bu siyasətin qarşısını almaq, yerli əhalini qorumaq məqsədi daşıyır.
Bildirilir ki, AAA “Sülh çeşməsi” əməliyyatının Türkiyənin yeganə düzgün çıxış yolu olduğunu başa düşür və bu addımın milli təhlükəsizliyin, regionun mülki vətəndaşlarının xilası üçün atıldığını yaxşı anlayır.
“Bunu nəzərə alaraq biz Türkiyənin “Sülh çeşməsi” əməliyyatını tam dəstəkləyirik”, - deyə məktubda bir daha vurğulanır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio