DÜNYA
Qazaxıstandan avtonəqliyyat vasitələri ilə neft məhsulları ixracına qadağa qoyulub
Nur-Sultan, 24 oktyabr, AZƏRTAC
Qazaxıstandan avtonəqliyyat vasitələri ilə neft məhsulları ixracına qadağa qoyulub. Ölkədən qeyri-qanuni neft məhsulları daşımalarının qarşısının alınması məqsədilə Qazaxıstanın Energetika, Daxili İşlər, Maliyyə nazirləri, Baş Nazirin birinci müavini və Milli Təhlükəsizlik Komitəsinin sədri tərəfindən birgə əmr imzalanıb.
AZƏRTAC xəbər verir ki, “Qazaxıstan Respublikası ərazisindən neft məhsulları ixracının bəzi məsələləri haqqında” birgə əmrə əsasən, avtomobil nəqliyyat vasitələrinin istehsalçısı tərəfindən təchiz edilmiş və texniki şərtlərə uyğun quraşdırılmış benzin çənlərində, habelə həcmi 20 litrdən çox olmayan ayrıca qablarda ixrac halları istisna olmaqla, neft məhsullarının Qazaxıstan ərazisindən nəqliyyat vasitəsi ilə ixracına altı aylıq qadağa qoyulub. Buna səbəb ölkədən bir çox yük maşını və tranzit avtobuslarının qədərindən çox və əlavə bir neçə irihəcmli çənlərdə benzin daşıması olub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan