DÜNYA
Özbəkistanın mindən çox dövlət qulluqçusu Avropada təcrübə keçəcək
Daşkənd, 24 oktyabr, АZƏRTAC
Özbəkistanın nazirlik və komitələrində çalışan mindən çox dövlət qulluqçusu Avropa standartlarını mənimsəmək üçün mərhələ-mərhələ xarici ölkələrə müvafiq kurslarda təhsil almağa göndəriləcək. Layihə 4-5 il üçün nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, dövlət orqanlarında çalışan perspektivli gənclər 3 aydan 6 aya qədər Avropa və Asiyanın qabaqcıl ölkələrində təcrübə keçəcəklər.
Dövlət qulluqçuları təhsil aldıqları müddətdə Özbəkistanın həmin ölkədəki səfirinin maaşının 60 faizi qədər əməkhaqqı alacaqlar.
Təhsil başa çatdıqdan sonra məmur dövlət orqanları və təşkilatlarında iki il məcburi işləməlidir. Təhsilin bütün xərcini bu yaxınlarda yaradılan Dövlət Qulluğunun İnkişafına Kömək Fondu ödəyəcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd