CƏMİYYƏT
Hakimliyə namizədlərlə bağlı noyabrın 23-də keçiriləcək imtahanda iştirak üçün 250-dək hüquqşünas sənəd verib
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə hakimlərin yüksək iş yükünün azaldılması, işlərə daha tez və keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb, habelə yeni ixtisaslaşmış məhkəmələr yaradılıb.
Hakimlərin Seçki Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar Hakimlərin Seçki Komitəsi tərəfindən hakimliyə namizədlərin seçimi prosesinə başlanıb, 200-dən çox namizədlə keçirilən müsabiqə, o cümlədən test üsulu ilə və yazılı imtahanlar nəticəsində 81 nəfər növbəti mərhələyə – şifahi imtahana vəsiqə qazanıb.
Bununla yanaşı, hakimliyə namizədlərin sənəd qəbulu davamlı xarakter alıb və 250-dək hüquqşünas hakim olmaq üçün sənədlərini təqdim edib. Həmin namizədlərlə test imtahanı noyabrın 23-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28), həmçinin sənəd qəbulu bundan sonra da davam edəcək.
Müasir texnologiyalar tətbiq edilməklə keçiriləcək və onlayn qaydada canlı yayımlanacaq imtahanda hər bir namizəd sualları kompüter vasitəsilə, fərdi qaydada cavablandıracaq və nəticələr ona dərhal elan olunacaq.
Eyni zamanda, test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən qanunvericiliyə uyğun olaraq ödənişli keçirilir. Ödənişin məbləği belə xidmətlərin tariflərinə əsasən müəyyən edilib (110 manat, ƏDV-siz).
Namizədlərin rahatlığı üçün Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 14-dən etibarən dim.gov.az saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”nin elektron təqdim olunmasına və DİM-ə imtahana görə ödənişin elektron aparılmasına şərait yaradacaq.
Hakimliyə namizəd şəxsiyyət vəsiqəsini və “İmtahana buraxılış vərəqəsi”ni imtahana mütləq gətirməlidir. Əks təqdirdə namizəd imtahana buraxılmayacaq. Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62.
Həmçinin bildirilir ki, əvvəlki müsabiqə zamanı uğur qazanmış 81 nəfər hakimliyə namizədlə noyabrın 15-dən şifahi imtahanlara başlanacaq.