DÜNYA
Özbəkistanda Xoca Nəsrəddin haqqında serial çəkiləcək
Daşkənd, 14 noyabr, АZƏRTAC
“Özbəkkino” və “Soyuzmultfilm” Özbəkistanın ibrətamiz hekayələrinin qəhrəmanlarından olan Xoca Nəsrəddin haqqında serial çəkəcək.
AZƏRTAC “Özbəkkino”nun mətbuat xidmətinə istinadla xəbər verir ki, bununla bağlı qurumun Baş direktoru Firdavs Abduxalikovla “Soyuzmultfilm”in rəhbəri Boris Maşkovsev arasında Moskvada memorandum imzalanıb.
Görüşdə Firdavs Abduxalikov bildirib ki, multiplikasiya qəhrəmanı kimi də Xoca Nəsrəddin təkcə uşaqların və yeniyetmələrin deyil, həm də böyüklərin sevimlisinə çevriləcək.
Boris Maşkovsev isə 20 ildən bəri Özbəkistan kinematoqrafçıları ilə əməkdaşlıq etmək arzusunda olduğunu deyib: “Xoca Nəsrəddin haqqında birgə multiplikasiya filmi çəkilməsi istəyi ürəyimizcə oldu. Ümid edirəm ki, Xoca Nəsrəddinin lətifələri ilə böyüyən nəsil bu serialı maraqla qarşılayacaq”.
Gələcəkdə Rusiyanın “Mars-Media” kinostudiyasının 1966-cı ildə Özbəkistan paytaxtında baş verən dağıdıcı zəlzələ haqqında “Daşkənd-66” adlı film çəkməsi ilə bağlı da razılıq əldə edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd