REGİONLAR
Xocavənd məktəblisi: Quba soyqırımı məzarlığı erməni vandallarının azərbaycanlılara münasibətinin bariz nümunəsidir
Quba, 14 noyabr, Elxan Yusifli, AZƏRTAC
Qubada Qırmızı qəsəbə, Cümə məscidi, Quba Soyqırımı Memorial Kompleksi, “ABAD Factory” İstehsalat Kompleksi, Tağlı körpü və başqa yerlərdə olduq. Ekskursiya zamanı yeni dostlar qazanmışam. Maraqlı məkanları gəzdikdən sonra axşamlar bir yerə toplaşıb intellektual oyunlar oynayırıq. Gəzdiyimiz yerlər haqqında təəssüratımızı bölüşməklə yanaşı, təhsil aldığımız məktəblər və dərslərimizlə bağlı da söhbətlər edirik.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Prezident İlham Əliyevin tövsiyəsi ilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyanın iştirakçısı Jalə Bədirova söyləyib.
Xocavənd rayon Salakətin kənd tam orta məktəbin şagirdi Jalə Bədirova ekskursiya zamanı tariximizi öyrənməklə yanaşı, ölkəmizin regionlarının nə qədər inkişaf etdiyinin də şahidi olduqlarını bildirib.
“Quba soyqırımı məzarlığı erməni vandallarının tarixboyu bizə olan münasibətinin bariz nümunəsidir. Mən hələ də gördüklərimin təsirindəyəm. Bir insan başqa bir insana qarşı bu qədər qəddar ola bilərmiş. Qırmızı qəsəbə haqqında oxumuşdum. Burada dağ yəhudilərinin yığcam yaşadıqları barədə məlumatım vardı. Bu, bizim xalqın tolerantlığının sübutudur. Biz ölkəmizin multikultural dəyərləri ilə fəxr etməliyik. Dünyanın başqa yerlərində bu mənzərəni görmək mümkün deyil”, - deyə Jalə Bədirova bildirib.